Palçıq vulkanları Yerin təki haqqında çox böyük idrak informasiyanın daşıyıcısı olan olduqca maraqlı, unikal və sirrli təbiət hadisəsidir. Azərbaycanın ərazisi planetimizin palçıq vulkanizminin inkişaf etdiyi unikal və klassik regionudur. 300-dən artıq palçıq vulkanı Şərqi Azərbaycanın quru hissəsində və ona birləşən Xəzərin akvatoriyasında yerləşir. Təsadüfi deyil ki, Azərbaycan palçıq vulkanlarının vətəni sayılır. Bu vulkanlar burada özlərinin müxtəlifliyi (fəaliyyətdə olan, sönmüş, gömülmüş, neft çıxaran, sualtı, ada vulkanları) ilə təmsil olunmuşlar. Vulkanların sayına, müxtəlifliyinə və aktiv fəaliyyətinə görə dünyada Azərbaycan ərazisinə oxşar ərazi yoxdur. Palçıq vulkanları əsasən Şərqi Azərbaycan ərazisində – Abşeron yarımadasında, Şamaxı-Qobustan, Cənub-Şərqi Şirvan və Bakı arxipelağında yerləşmişlər. Yalnız Qobustanda 100-dən çox palçıq vulkanı var. 40 vulkan yer səthinə neft çıxarır. Bakı arxipelağında 9 palçıq vulkanı məəli adalar var. Hazırda palçıq vulkanları təbii abidələr statusu alıb və dövlət tərəfindən qorunur. 3 dekabr 2002-ci ildə Milli Məclis palçıq vulkanlarının AR-nın «Xüsusi qorunan təbii ərazilər və obyektlər» qanununa (VIII bölmə, 29-cu maddə) daxil edilməsi haqqında qərar qəbul etdi (№ 390-11QD). Vulkanlar təbiət abidələri statusu aldı. Bir ildən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında palçıq vulkanları üzrə Ad.A.Əliyevin sədrliyi ilə Koordinasiya Şurası (nazirin 6 yanvar 2004-cü il 012/ü saylı əmri) yaradıldı. 3 il yarım ərzində Koordinasiya Şurası tərəfindən bir sıra tədbirlər keçirildi: palçıq vulkanları pasportlaşdırıldı, onların yerləşdiyi rayonların xəritəsi tərtib olundu, AMEA Geologiya İnstitutunda palçıq vulkanlarının təbiət abidələri kimi qorunmasına aid mətbuat konfransı keçirildi və müvafiq sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olundu.

2007-ci il avqustun 15-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı və Abşeron palçıq vulkanları qrupu Dövlət Qoruğunun yaradılması haqqında sərəncam imzaladı. Bu internet səhifəsində Abşeron yarımadası, Şamaxı-Qobustan, Cənub-Şərqi Şirvan və Bakı Arxipelağının turistlər üçün maraqlı olan 25 palçıq vulkanının təsviri verilir.