|
Bütün püskürmələr yer səthinə böyük
həcmdə vulkan brekçiyasının çıxması, qazların alışıb yanması, alovun
bəzən 300-400 m hündürlüyə qalxması, brekçiyanın yamac boyunca
200-300 m-dən çox axması ilə müşayiət olunmuşdur. Vulkan
brekçiyasının örtüyü 425 ha sahəni əhatə edir. Azərbaycanda neft
hasilatı tarixinin bir çox səhifələri Lökbatan palçıq vulkanı ilə
bağlıdır. Uzun zaman palçıq vulkanlarının olduğu sahələr sənaye
karbohidrogen ehtiyatlarının axtarılması üçün perspektivsiz
sayılırdı. Palçıq vulkanizminə neft və qaz yataqlarının dağılması
amili kimi baxılırdı. Bununla yanaşı bir çox geoloqlar bu fikirlə
razılaşmır və bunun əksini qəbul edirdilər. Bəziləri hətta vulkan
sahələrində neft quyuları qazmağı təklif edirdilər. Bu məsələ ilə
əlaqədar diskussiyalara 1933-cü ildə son qoyuldu. Həmin il Lökbatan
palçıq vulkanında qazılmış 45 saylı quyu 20 min ton debitlə fontan
vurdu və bununla da sübut olundu ki, vulkanlar yataqları dağıtmır.
Beləliklə, Lökbatan vulkanı misalında keçmiş Sovet İttifaqında ilk
dəfə olaraq palçıq vulkanları ilə neft yataqlarının genetik əlaqəsi
təsdiq olundu və palçıq vulkanlarının axtarılması zərurəti meydana
çıxdı. Maraqlıdır ki, Lökbatan yatağının istismar olunduğu müddət
ərzində yer təkindən 27 mln tondan çox neft və 1 mlrd m3 qaz hasil
edilmişdir. Məşhur 45 saylı quyu isə indiyədək istismar olunur.
|