Abşeron Yarımadası

Keyrəki palçıq vulkanı

Vulkan Abşeron yarımadasında, Bakıdan 12 km şimalda, Binəqədi qəsəbəsindən bir qədər aralıda yerləşir. Azərbaycanın tez-tez püskürən palçıq vulkanlarındandır. Morfologiyasına görə kiçik kraterli gümbəzşəkilli olub, mütləq hündürlüyü 146 m, nisbi hündürlüyü isə 116 m-dir. İlk dəfə vulkan 1824-cü ildə püskürmüşdür. Vulkan cəmi 17 dəfə püskürmüşdür ki, onlardan 5-i keçən əsrdə olmuşdur. Bütün püskürmələr yeraltı uğultu, partlayış, 15-40 m-dək qalxan brekçiya tullantıları, 1830-cu il püskürməsi istisna olmaqla, qazların yanmaması və alov sütununun olmaması ilə müşayiət edilmişdir.

Daha intensiv püskürmə 1952-ci ildə baş vermiş, bir neçə saat ərzində 30 ha yerin səthi 375 m 3 lava ilə örtülmüşdür. Yeni minilliyin başlanması Keyrəki vulkanının aktivləşməsi ilə yadda qaldı – 2001-ci ilin iyun ayında onillik sakitlikdən sonra güclü püskürmə baş verdi. Püskürmə saat 20.42-də başlayaraq müəyyən fasilələrlə 2.5 saat davam etdi. Vulkan böyük brekçiya kütləsi (180 min m3) ilə 15 ha sahəni 2 m qalınlıqda palçıq təbəqəsi ilə örtdü. Onun yamaclarında (xüsusilə şərq yamacında) uzunluğu 200-250 m-ə çatan qəribə «dillər» əmələ gəldi. Qərb yamacının ayağındakı çatdan çıxan qaz yarım ildən artıq müddətdə yandı. 2002-ci ilin fevralın 28-də gecə, növbəti nisbətən zəif püskürmə oldu. Vulkan brekçiyasının axını qərb və şərq yamaclarında qeydə alındı.