|
Vulkan Bakıdan 70 km
cənub-şərqdə, Hamamdağ-Daşlı adası antiklinal zonasında yerləşir. Bu, Bakı
arxipelağının ən böyük və aktiv ada vulkanlarından biridir. Qaz, su, neft
pərdəcikli lilli su verən çoxlu sayda qrifon və salzalar vardır. Bu vulkanda ilk
dəfə, XIX əsrin ikinci yarısında, 1876-cı ilin fevral və mart aylarında 2
püskürmə baş vermiş və püskürmə qazların yanması və hündür alov sütunu ilə
müşahidə olunmuşdur. 1923-cü il püskürməsində 60-70 min m3 brekçiya yer səthinə
çıxarılmışdır. Ən intensiv və uzunmüddətli (2 sutka) püskürmə 1977-ci ilin
aprelində baş vermişdir. Nəhayət, sonuncu,
|
 |
|
alovsuz və brekçiyasız
püskürmə 1993-cü ildə qeydə alınmışdır. Bu zaman
adanın mərkəz və şərq hissəsində köhnə brekçiya örtüyündə parçalanma zonası (200
x 25-50 m) və bəzi yerlərdə uzunluğu 700 m-ə çatan və 1 m dərinliyində çoxlu
çatlar əmələ gəlmişdir. Aşağıda 1977-ci il püskürməsinin qısa təsviri verilir
(Ə.Ə.Yaqubov, Ad.A.Əliyev, 1978). Bu vulkan yarım əsrdən çox «qəflət yuxusu» vəziyyətdə olmuş və oyanaraq səmaya hündürlüyü 500 m olan alov sütunu tullamışdır. Bu alovun şəfəqlərini bakılıların çoxu da görmüşdü. Şahidlərin dediyinə görə püskürmə axşam, çox güclü yeraltı uğultu ilə başladı. Ada üzərində qara tüstü və göbələkşəkilli su buxarı buludu qalxdı. Adadan 800 m aralıda olan bir çox buruqlardakı neftçilər alovun güclü istisini hiss etdilər. Gil süxurlarının və vulkan tozunun kiçik hissəcikləri hətta vulkandan 15 km aralıda olan Xərə-Zirə adasına çatmışdı. «Bakı» seysmik stansiyası torpağın lokal titrəməsini qeydə almışdı.
Gücünə, püskürmə müddətinə və brekçiya həcminə görə bu püskürmə Bakı arxipelağı adalarının ən əhəmiyyətlisindən biri idi. Adanın şimal-qərb hissəsində krater ətrafında bir sıra dərin konsentrik və radial çatlar əmələ gəldi ki, bu da adanın səthini keçilməz edirdi. Təzə brekçiyanın üst qatında çoxlu sayda diametri və dərinliyi 1 m-dən çox olan çökəkliklər əmələ gəlmişdi. Bunlar vulkanın təkindən atılan böyük süxur parçalarının düşməsi nəticəsində yaranmışdılar. Brekçiyanın həcmi 1.5 mln m3-dən çox idi və adanın 3/4-nü örtmüşdü. Bərk tullantılar arasında neft hopmuş qumlu süxurlar da tapılmışdı. Bir neçə gün ərzində vulkanın kraterindən yanmış brekçiyanın lokal sahələri görünürdü. Burada karbohidrogen qazların yanması nəticəsində çıxan isti hələ də hiss olunmaqda davam edirdi.
|